160 illik tarixə malik "Göygöl Şərab Zavodu" ASC Azərbaycanın ən qədim şərab, konyak, şampan və araq istehsal edən müəssisəsidir. Cənubi Qafqazın qədim şərabçılıq təsərrüfatlarından biri olan Göygöl Şərab Zavodunun təməli 1860-ci ildə Azərbaycanın o zamanlar Yelenendorf adlandırılan indiki Göygöl rayonunda məskunlaşmış Şvab almanları tərəfindən qoyulmuşdur. Almanlar bu əraziyə koçdükləri vaxt həmin ərazi Oğuz tayfası yaşayan Xanık kəndi adlandırılırdı.
1862-ci ildə "Forer Qardaşları" səhmdar cəmiyyəti təsis olunmuşdur. Bu cəmiyyətə X. Forer və onun oğulları Qotlob, Fridrix, Henrix və Xristofor rəhbərlik edirdilər. Elə həmin vaxt "Qummel Qardaşları Ticarət Evi" səhmdar cəmiyyəti yaradılmışdır ki, buna da X.Qummel və onun oğulları Yakob, Albert, Georq və Qotlib rəhbərlik edirdilər. Hər iki cəmiyyətin idarə heyəti Yelenendorfda yerləşirdi, onların nümayəndəlikləri və satış mərkəzləri isə Gəncə, Bakı, Tbilisi, Sankt Peterburq, Moskva, Kiyev, Odessa, Tomsk və Batumi şəhərlərində fəaliyyət göstərmişdir. 8 avqust 1922-ci ildə bu zavodun əsasında yaradılmış "Konkordiya" kooperativi o vaxtlar bütün Qafqaz regionunda şərab, konyak va araq istehsal edən ən böyük şərabçılıq təsərrüfatı idi.
Müəssisədə ”Kaqor”, “Köhnə portveyn”, “Ağ süfrə şərabı”, ”Qırmızı süfrə şərabı”, “Xeres şərabları”, “Qaranquş”, ”Ekstra” konyakları, likyorlar və şampan şərabları istehsal olunurdu. Həmin vaxt Azərbaycanda istehsal olunan şərab məhsullarının böyük hissəsi Göygöl Şərab zavodunun payına düşürdü, həmçinin Rusiya imperiyasında yalnız dörd müəssisə klassik fransız texnologiyasından istifadə edərək şampan istehsal edib, Göygöl Şərab Zavodu onlardan biridir. Bunun üçün üzümün müəyyən növlərindən alınan şərablar tələb olunurdu: Aligote, Serceal, Veredello, Pinot grisi, Pinot ağ. Yerli "Bayan Şirə" üzüm növü son 2-ə uyğun gəlir. Bir faktı göstərmək kifayətdir ki, 1924-1925-ci illər ərzində "Konkordiya" cəmiyyəti 1 350 397 vedrə şərab istehsal etmişdir. 1926-ci ilin statistikasına əsasən Azərbaycanda yığılan üzümün 48%-i Göygöl Şərab Zavodunda emal edilmişdir. Bu dövrdə müəssisənin 13 şərab zirzəmisində 670 min vedrə şərab saxlanılırdı. Həmin illərdə şərabla yanaşı konyak istehsalı sahələri də yaradılmışdır. Müəssisədə istehsal edilən “Gəncə”, “Bakı”, “Yubiley”, “Azərbaycan”, “Moskva” və “Şirvan” konyakları beynəlxalq müsabiqələrdə 16 qızıl, 11 gümüş və 1 bürünc medal qazanmışdır, həmçinin seçmə şampan və şərablar müsabiqələrdə 1 qızıl, 6 gümüş və 1 bürünc medala layiq görülmüşdür. XIX əsrin sonlarında müəssisədə istehsal edilən şərabların Almaniyaya və Hollandiyaya ixracı başlamış və müəssisə Azərbaycandan Avropaya şərab ixrac edən ilk şirkət kimi tarixə düşmüşdür.
Sovet İttifaqı dövründə “Konkordiya” adı ilə fəaliyyət göstərən müəssisəyə ölkə ərazisində 183 mağaza məxsus idi. XX əsrin 80-ci illərində müəssisə istehsal edilən konyak və şərabın həcminə görə Sovet İttifaqında üçüncü yer tuturdu. Bu illər ərzində istehsal olunan məhsullarımız Avropanın müxtəlif ölkələrində keçirilən mötəbər müsabiqələrin qalibi olmuşdur.
Sovet iqtisadi sistemində "Xanlar Aqrosənaye" kombinatı adı altında bu zavod şərab va konyak məhsulları istehsalında ixtisaslaşaraq öz məhsullarını bütün Sovet Respublikalarına göndərirdi. Müəssisənin istehsal etdiyi konyak və konyak spirti ümumittifaq istehsalının 7%-ni təşkil edirdi. 1968-ci ildən 1982-ci illərə qədər, Tbilisi, Budapeşt, Ljubljana, Yalta kimi şəhərlərdə Göygöl Şərab Zavodunun üç konyakı - Bakı, Azərbaycan və Göygöl - qızıl medala layiq görülmüşdür. 1984-cü ildə zavodun balansında orta məhsuldarlığı 286 sentner/ha təşkil edən 1500 hektar üzüm sahəsi var idi. Həmin il ümumi məhsulun dəyəri 84 017 000 sovet rubluna bərabər idi. 1985-ci ildə qəbul olunmuş "Alkoqolizm və sərxoşluğa qarşı mübarizə tədbiri haqda" qərardan sonra və təsərrüfatsızlıq nəticəsində zavod xarabalığa çevrilmişdi.
Bugün bizim şərablar qədim tarix, böyük ənənə, klassik reseptura və müasir texnologiyaların vəhdətindən yaranan yüksək keyfiyyətli məhsuldur.