top of page

Göygöl Şərab Zavodu ixrac potensialını genişləndirir (Azərbaycan Qəzeti)


Bu gün Azərbaycan bütün məsələlərdə prinsipial mövqe nümayiş etdirən, öz müqəddəratını sərbəst həll etməyə qadir olan ölkələr sırasındadır. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət Azərbaycan xalqı tərəfindən yüksək dəyərləndirilir. Eyni zamanda, aparılan islahatlar nəticəsində ölkə iqtisadiyyatının neftdən asılılığı tədricən azalır və Azərbaycan idxalçı ölkədən ixracatçı ölkəyə çevrilir.

Bunu cari ilin birinci rübü üzrə xarici ticarətə aid göstəricilər də sübut edir. Belə ki, 2017-ci ilin birinci rübü ərzində ixracın idxalı üstələməsi hesabına ölkəmizin valyuta ehtiyatları artaraq 38,5 milyard dollara çatmışdır. Bu gün ölkə iqtisadiyyatında reallaşdırılan davamlı islahatlar ilk növbədə qeyri-neft sektorunun inkişafını təmin edir. Ardıcıl olaraq dövlət-sahibkar münasibətlərinin təkmilləşdirilməsi, ölkədə biznes və investisiya mühitinin yaxşılaşdırılması, inzibati qayda və prosedurların sadələşdirilməsi, sahibkarlıq fəaliyyətinə edilən qanunsuz müdaxilələrin aradan qaldırılması, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi və özəl müəssisələrin ixrac imkanlarının genişləndirilməsi, iş adamlarına beynəlxalq standartlara uyğun olaraq elektron dövlət xidmətlərinin göstərilməsi nəticəsində indi Azərbaycanda özəl sektor ölkə iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilib. Hazırda yerli sahibkarlarımızın istehsal etdikləri məhsullar “Made in Azerbaijan” brendi ilə xarici ölkələrə idxal edilərək həm ölkəyə valyuta, həm də Azərbaycanın imicinə şöhrət gətirir. Ölkəmizdə belə müəssisələr çoxdur və onlardan biri də “Göygöl Şərab Zavodu” Açıq Səhmdar Cəmiyyətidir. Ənənələri olan bu müəssisə qısa vaxt ərzində istehsal etdiyi çoxçeşidli məhsullarla əvvəlki şöhrətindən də irəli gedərək keyfiyyətli məhsulları ilə böyük nüfuz qazanmışdır.

Bu yerlərin Helenendorf şərabları bir vaxtlar Avropanı fəth etmişdi

XIX əsrin ikinci yarısında almanlar bu ərazilərdə məskunlaşdıqdan sonra Gəncə çayının ətrafında yerli üzüm sortları becərməyə başlayırlar və beləliklə, üzümçülük və şərabçılıq burada onların əsas təsərrüfat fəaliyyətinə çevrilir. Helenendorfda (Göygöl şəhəri həmin dövrdə belə adlanırdı) hər bir alman evinin zirzəmisində yerli palıd ağacından hazırlanmış çəlləklərdə özlərinin hazırladıqları şərablar saxlanılırdı. Kristofer Forerin evində kustar üsulla hazırladığı şərabların Avropa bazarlarına çıxarılması isə Azərbaycanda şərabçılıq sənayesinin əsasının qoyulması demək idi. Bu sahədən çoxlu gəlir götürən helenendorflu Forer sonralar oğullarını da bu sahəyə cəlb edir. Beləliklə 1862-ci ildə indi Göygöl Şərab Zavodunun yerləşdiyi ərazidə “Forer qardaşları” səhmdar cəmiyyəti təsis olunur. Burada şüşələrdə qablaşdırılan şərab və konyaklar dünyanın müxtəlif ölkələrinə göndərilir. İstehsal olunan məhsulların şöhrət qazandığını və baha qiymətə satıldığını görən Forer qardaşları üzüm bağlarını genişləndirməyə başlayırlar. Artıq yaşlanan Kristofer Forer müəssisəni dörd oğluna- Kristofer, Fridrix, Qotlib və Henrixə verir. Qardaşlar istehsalı daha da genişləndirərək müəssisədə istehsal olunan şərab və konyakların satışı üçün Gəncədə, Tiflisdə, Bakıda, Sankt-Peterburqda, Moskvada, Kiyevdə, Odessada, Tomskda, Batumidə məntəqələr açırlar. Ən çox Avropa bazarlarına yol tapan Helenendorf şərabları bir sıra beynəlxalq sərgilərdə qızıl medallara layiq görülür. Bir müddətdən sonra mövcud zirzəmi istehsal edilən şərab və konyak üçün kifayət etmir və böyük şərab anbarının tikilməsinə ehtiyac yaranır və onun inşasına başlanılır. Anbar əsasən gil və ağ çay daşlarından tikilir. Ümumi dərinliyi 35-40 metrə çatan anbarların temperaturu yayda müsbət 13-15, qışda isə 10 dərəcə olur. Həmin dövrdə Forer qardaşları pivə istehsalına da başlayırlar. Bu zavod Bakıdakı pivə zavodundan sonra ikinci yerdə idi. 1883-cü ildə qardaşlar həmçinin ilk çaxır anbarını istifadəyə verirlər. Artıq 1922-ci ildə zavod Cənubi Qafqazda ən böyük şərab, konyak istehsal edən müəssisəyə çevrilmişdi. Sonralar bura Xanlar Aqrar-Sənaye Kombinatına, indi isə “Göygöl Şərab Zavodu” Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Həmin vaxtdan illər keçsə də, hələ də burada inşa edilmiş şərab zirzəmilərindən istifadə olunur. Forer qardaşlarının nəvələri hər il babalarından qalan tikililəri yad etmək üçün Göygölə gəlirlər. Qardaşlardan birinin nəvəsi Tomas Forer bir neçə dəfə rayonda olub.

“Göygöl Şərab Zavodu” ASC sələfindən geri qalmır

SSRİ iflasa uğradıqdan sonra Azərbaycan iqtisadiyyatını bürüyən xaos bu müəssisədən də yan keçmədi. Belə ki, 1433 hektar üzüm bağı məhv edilmiş, müəssisə keçmiş əlaqələrini tamamilə itirmişdi. Yalnız ümummilli lider Heydər Əliyev tərəfindən “Üzümçülük və şərabçılıq haqqında” qanun imzalandıqdan sonra iqtisadiyyatın bu sahəsi dirçəlməyə başladı. Fəaliyyətini dayandırmış digər müəssisələr kimi Göygöl Şərab Zavodu da bərpa edildi. İlk növbədə müəssisə modernləşdirildi. İstehsal sahələrinin hər biri müasir tələblərə cavab verən, keyfiyyətli spirtli içkilər istehsalını təmin edən, avtomatik iş rejimində işləyən avadanlıqlarla təchiz olundu. İtaliyanın “Technofood” şirkətindən alınmış, gündəlik gücü 150-200 ton olan dörd axın xəttindən ibarət üzüm qəbulu və emalı sexi yenidən quruldu, dünyada məşhur olan “Madera” şərabı yetişdirmək üçün analoqu olmayan xüsusi sex-madernik inşa edildi. Şərabların formalaşmasını, yetişdirilməsini, termiki işlənməsini və müvafiq texnoloji sxem üzrə bütün texnoloji proseslərin yerinə yetirilməsini təmin edən yeni sex fəaliyyətə başladı. Üzümün emalı və şərab istehsalı sahəsində müxtəlif tip şərablar, o cümlədən turş, kəmturş süfrə şərabları, tündləşdirilmiş portveyn və madera tipli tünd və desert şərablarının istehsalına başlanıldı. Hazırda müəssisədə “Xan” brendi altında müxtəlif çeşidli və tutumlu tünd içkilər istehsal edən sahələrdə hər birinin istehsal gücü saatda 6000 şüşə olan 2 axın xətti işləyir ki, bu xətlərin də köməyi ilə yüksək keyfiyyətli “Xan 1860”, “Xan Almaz”, “Xan Elit”, “Xan Present”, “Xan Yubiley”, “ Xan Crustal”, “Xan Premium” və s. vodkalar istehsal olunur. Müəssisədə konyak spirtinin istehsalı və yetişdirilməsi sahəsində də yeniliklər edilmişdir. Belə ki, konyak spirti istehsalı sexində “K-5M” markalı fasiləsiz işləyən 2 distillə aparatı quraşdırılmışdır. Bunun da sayəsində keyfiyyətli konyak spirti istehsal olunur. Alınan təzə konyak spirtinin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə Fransanın Limusson meşələrində bitən palıd ağacından hazırlanmış 50 dekalitrlik 160 çəllək gətirilmişdir. Çəlləklərin saxlanacağı anbarlar əsaslı təmir edilmişdir. Müəssisədə spirtli içkilərlə yanaşı, spirtsiz içkilərin də istehsalına başlanılmışdır. Bunun üçün İtaliyanın “Technofood” şirkətinin istehsalı olan 3 axın xətti quraşdırılmışdır. Bu istehsal sahəsində keyfiyyətli təbii və qazlaşdırılmış süfrə suları, o cümlədən müxtəlif çeşiddə limonadlar istehsal olunur.

Göygöl içkiləri beynəlxalq sərgilərdə yüksək qiymətləndirilir

Hazırda müəssisədə istehsal olunan spirtli içkilər həm daxili, həm də xarici bazarlarda özünə çoxlu sayda alıcı tapıb. Zavodun 8 adda şərabı Rusiya bazarlarına satışa çıxarılır. ASC-nin idarə heyətinin sədri Ələsgər Yəhyayev deyir ki, zavod yenidən qurulduqdan sonra müxtəlif ölkələrdə keçirilən beynəlxalq şərab sərgilərində iştirak etmiş və bir çox medallar və diplomlar almışlar. Təkcə 2008-ci ildə zavodun məhsulları 3-cü Beynəlxalq Keyfiyyət Assambleyasında “Qızıl Keyfiyyət” sertifikatına layiq görülmüş, beynəlxalq “Ticarət Lideri Klubu”nun təsis etdiyi “Keyfiyyətə görə” və “Yeni Minilliyin mükafatı”nı almışdır. 2010-cu ilin noyabr ayında Moskvanın Krokus sərgi mərkəzində keçirilən “Beverages industriy-2010”, “Russion Wine Fair” şərab sərgisində isə “Ağsu” qırmızı kəmturş və “Şahdağ” qırmızı kəmşirin şərabı qızıl medal almış, müəssisənin istehsal fəaliyyəti “Qran-pri” mükafatına layiq görülmüşdür. Gəncədə keçirilən IV Beynəlxalq şərab festivalında isə “Nargilə” nar şərabı qızıl, “Kabarne-Sovinyon” qırmızı turş süfrə şərabı isə gümüş müdalla mükafatlandırılmışdır. Müəssisənin ən böyük uğuru bu ilin fevral ayında Moskvada Prodekspo sərgi mərkəzində keçirilən beynəlxalq şərab müsabiqəsində olmuşdur. Mərkəzi dequstasiya komissiyasının rəyinə əsasən, Göygöl zavodunun 9 adda şərabından 3-ü - “Sovinyon Blanc”, “Sardone” və “Kabarne-Sovinyon” qızıl medallara, 6-sı gümüş medala layiq görülmüşdür. Həmin müsabiqədə Göygöl Şərab Zavodunun istehsal etdiyi “Xan 1860” və “Xan Elit” araqları da yüksək dəyərləndirilərək qızıl medalla mükafatlandırılmışdır.

Yüksək keyfiyyətli üzüm sortlarına üstünlük verilir

Son zamanlar müəssisə üzüm bağlarının sahəsini genişləndirməklə yanaşı, daha keyfiyyətli və iqtisadi cəhətdən səmərəli olan üzüm sortlarının əkininə üstünlük verir. Bu məqsədlə son bir neçə ildə Fransadan və İtaliyadan müxtəlif sort üzüm tingləri gətirilərək yeni bağlar salınmışdır. Eyni zamanda, məhsuldar yerli sortlara da üstünlük verilir. Hazırda bağlarda ən çox “Sardone”, “Sovinyon-Blanc”, “Uni-Blanc”, “”Bayan-Şirə”, “Rakasteli”, “Kabarne-Sovinyon”, “ Merlo”, “Sürah”, “ Hamburq muskatı”, “Mədrəsə” üzüm sortları yetişdirilir. Müəssisənin məhsulları əsasən Rusiya Federasiyasının müxtəlif şəhərlərinə göndərilir. Bu yaxınlarda isə Çin şirkəti ilə müqavilə imzalanmışdır. Müqaviləyə əsasən, bu il həmin ölkəyə 3 milyon şüşə şərab göndəriləcək. Ümumiyyətlə, zavodun məhsullarının xarici ölkələrə çıxarılması istiqamətində işlər il boyu davam etdirilir. Kollektiv inanır ki, yaxın gələcəkdə Göygöl şərablarının sorağı daha uzaq ölkələrdən gələcək.

Sabir ƏLİYEV, “Azərbaycan”

Xəbərə Keçid Linki: http://www.azerbaijan-news.az/index.php?mod=3&id=123921


Ən son xəbərlər
Bizi izləyin
  • Facebook - Black Circle
  • Instagram - Black Circle
  • YouTube - Black Circle
  • Pinterest - Black Circle
bottom of page